Seçkiyə 1 il qalmış MM niyə buraxılır? – Açıqlama

Seçkiyə 1 il qalmış MM niyə buraxılır? – Açıqlama

Turkustan.info millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

– Qüdrət bəy, seçki barədə aylar öncə dedikləriniz məlumat idi, yoxsa intuisiyanın, məntiqin diktəsi sizi bu anonsu verməyə sövq etmişdi?

– Mən 1987-ci ildən siyasi proseslərin içərisindəyəm. Ona görə də cəmiyyətdəki prosesləri təhlil edirəm və müəyyən qənaətə gəlirəm ki, nələr baş verə bilər, onları ehtimallar kimi səsləndirirəm. Siyasətçinin də işi odur ki, proqnozlar versin. Çörçill deyirdi siyasətçi proqnoz verməlidir, özünü doğrultmayanda gərək əsaslandırsın ki, bu, niyə baş vermədi? Siyasi üçün əsas keyfiyyət proqnozunun doğru olmadığı dövrdə onu əsaslandırmağı bacarmasıdır. Amma indi proqnozlar özünü doğruldanda bəziləri düşünürlər ki, yəqin bu, məlumatlı imiş, hansısa mənbələrdən informasiya alıb, ona görə belə deyib. Əslində bu, primitiv yanaşmadır. Təcrübəli siyasətçi ölkədə baş verən prosesləri təhlil etməyi bacarmalı, düzgün nəticələr çıxarmalıdır.

– Elə isə növbəti seçkilərə bir ildən də az qaldığı halda növbədənkənar seçkilərin keçirilməsi zərurəti barədə suala cavabınız necədir?

– Əvvəla, ölkədə çox ciddi dəyişikliklər baş verir, faktiki biz yeni mərhələyə keçmişik. Burda kadr islahatları, struktur islahatları, instisuonal islahatlar həyata keçirilir, yəni dəyişikliklər baş verir. Belə bir vaxtda parlament bu islahatlara ciddi surətdə dəstək verməlidir. Amma açığı, parlamentin potensialı yetərincə deyil. Yəni bunun günahını nə parlament rəhbərliyində, nə parlament çoxluğunda axtarmaq lazımdır. Vaxtında parlament xalqımız tərəfindən elə formalaşdırılıb ki, burada bitərəflər də iqtidar partiyasını dəstəkləyib. Hətta parlament partiyalarının da böyük əksəriyyəti iqtidarı dəstəkləyir. Görürsünüz, bütün prinsipial məsələlərdə, hökumətin hesabatında, yaxud büdcə müzakirələrində faktiki, iki nəfər alternativ mövqe sərgiləyir və bu məsələlərin əleyhinə səs verir: biri Fazil Mustafadır, biri də bəndəniz. Bu da ona gətirib çıxarıb ki, parlament fikirlərin, ideyaların dartışıldığı, müzakirə olunduğu auditoriya imkanlarını itirib. Yenə deyirəm, günah nə deputatlarda, nə də parlamenti yönəldən insanlardadır. Hökuməti formalaşdıran iqtidar partiyasının təmsilçisi durub hökumətə qarşı çıxmayacaq ki. Ona görə də mən həmişə deyirəm ki, hökumət elə islahatlar aparmalı, qanunları elə formada dəyişməliyik, parlamentə normal müxalifət fraksiyaları olsun.

– Yəni siz 750 min üzvü, hazırkı parlamentdə 70-dək mandata sahib olan YAP-ın növbəti seçkilərdə daha az deputatla kifayətlənəcəyini gözləyirsiniz?

– Əgər istəyirlərsə ki, bu ölkədə normal, konstruktiv müxalifət olsun, onlar özləri bundan imtina etməlidirlər. Necə ki, Ermənistan Seçki Məsəlləsinə daxil etdi ki, heç bir partiya parlamentdə yerlərin 2/3-dən çoxuna sahiblənə bilməz. Biz də Seçki Məcəlləsinə dəyişikliklər etməliyik və burada məhdudiyyət qoyulmalıdır ki, partiya, yaxud siyasi partiyalar bloku Milli Məclisdə 125 yer varsa, maksimum 85 dairədən namizəd irəli sürə bilər.

– Bunun üçün referenduma gedilməlidir?

– Ona ehtiyac yoxdur. Konstitusiyaya yazılıb ki, Azərbaycanda parlament majoritar seçki sistemi əsasında formalaşdırılır. Qalan məsələlər hamısı qanunla tənzimlənir, biz də qanunu dəyişə bilərik. Hətta heç qanunu dəyişməyə də ehtiyac olmaz. Yəni sivil, centlmensayağı bir razılaşma olsa, iqtidar və müxalifət partiyaları razılığa gəlsə, oturub müzakirə aparsalar ki, necə edək seçkilərin nəticələri olaraq ölkədə normal parlament formalaşsın, burada müxalifət fraksiyaları olsun, heç qanunu dəyişmədən də bunu etmək olar. Sadəcə olaraq hakim partiya öz üzərinə siyasi məsuliyyət götürür ki, mən 85 dairədən artığında namizəd verməycəyəm, həmçinin digər dairələrdə onun bitərəflərə dəstəyi olmayacaq. Ümumiyyətlə, siyasi partiyalar razılaşa bilərlər ki, onların heç biri bitərəfləri dəstəkləməyəcəklər, əgər qanunu dəyişə bilmiriksə… Yox, əgər qanunu dəyişə bilsək, qanuni yolla bu qadağanı qoymaq olar ki, hətta bitərəflərin də namizədliyini siyasi partiyalar irəli sürür.

– Proporsional seçki sisteminin bərpası məsələsi gündəmdən çıxdı?

– Konstitusiyada yazılıb ki, Azərbaycanda parlament seçkiləri majoritar seçki sistemi əsasında həyata keçirilir. Ona görə konstitusiyanı da dəyişməliyik. Lakin bunun üçün vaxt yoxdur. Odur ki, mən çıxış yolunu göstərirəm ki, qanunla məhdudiyyət qoyulur. Yəni hər hansı bir partiya, yaxud siyasi partiyalar bloku 125 yerdən 85-dən çoxunda namizəd irəli sürə bilməz. Bu zaman 40 yer qalır. Həmin 85 namizədin hamısı parlamentə keçsə belə, yenə də parlamentdə ən azından digər partiyaları təmsil edən 40 deputat olacaq. Bu artıq iki fraksiyanın yaranması deməkdir. Siyasi partiyaların tərkibində bitərəflər də ola bilər. Burada da məhdudiyyət qoyulmalıdır ki, məsələn, 85 dairənin yalnız 15-də bitərəflər irəli sürülə bilər. Ona görə ki, nə bitərəf? Sənin siyasi mövqeyin varsa, siyasi partiyanın mövqeyi sənin mövqeyinə yaxındırsa, biri ilə bağlı seçim etməlisən. Ya üzv olmalısan, ya da əgər nüfuzlu adamsansa, həmin partiya maraqlı olmalıdır ki, sənin namizədliyini irəli sürsün.

– Bəs, deputatların sayının artırılması…

– Artıq gecdir. Bunların hamısı üçün gərək Konstitusiya dəyişdirilə. Məsələn, Ermənistan əhalisi bizdən üç dəfə azdır, 131 deputatı var. 10 milyonluq Azərbaycanda minimum 150, maksimum 250 deputat olmalıdır. Ancaq bunu referendumla həll etmək olar.

– Parlament seçkiləri ilə eyni vaxtda referendumun keçirilməsi mümkün deyildimi?

– Buna zaman yoxdur. Yeni formalaşacaq parlamentin qarşısında əsas o olmalıdır ki, ölkənin yeni Konstitusiyasını qəbul etsin. 1995-ci ildə qəbul olunmuş Konstitusiya keçid dövrünün konstitusiyasıdır. Görüləsi çox işlərdir. Hökumətin fəaliyyətinə nəzarət üçün mütləq fraksiyalar olmalıdır. Əgər hökumət istəyirsə ki, büdcə vəsaitləri səmərəli xərclənsin, ədalətli bölüşdürülsün, bunun üçün mütləq parlamentdə müxalifət fraksiyaları olmalıdır. Böyük işlər görülür, bütün nöqsanlara baxmayaraq, islahatların bazası yaradılıb, Azərbaycan yeni dövrə keçib. Artıq biz bu dövrdə çalışmalıyıq ki, xalqın bu islahatlara ümidi itməsin. Xalqın islahatlara ümidi itsə, destruktiv qüvvələrin ardınca düşə, onları dəstəkləyə bilər, bu da əldə olunmuşların itirilməsinə, ölkədə sabitliyin pozulmasına, xaosun yaranmasına gətirib çıxara bilər. O halda biz yenə də hər şeyi sıfırdan başlamalı olarıq.

– Bu məqamda sizin digər xəbərdarlığınızı xatırlatmaq istərdim. Yay aylarında demişdiniz ki, payızda ölkəni qarışdırmaq istəyəcəklər. Son aylarda keçirilən küçə aksiyalarınımı nəzərdə tuturdunuz?

– Mənim bu barədə məlumatlarım var idi. Amma sözsüz ki, həm də təhlilin nəticəsiydi. O cəhd oldu və hökumət tərəfindən ciddi şəkildə dəf edildi. Bunun ardınca ikinci cəhd planlaşdırıldı və sanki bir əsəb müharibəsi idi. Gördülər ki, yox, hökumət qətiyyətlidir, heç bir geri çəkilmədən, güzəştdən söhbət getməyəcək. Onda həmin tərəflər tamamilə mövqelərini itirəcəklərindən, əziləcəklərindən qorxaraq geri durdular. Amma 2 noyabr mitinqi, razılaşdırılmamış aksiya elə-belə təyin olunmamışdı. Hakimiyyətin qəti mövqeyi və güc strukturlarının öz vəzifələrini peşəkarcasına yerinə yetirməsi, hökumətə sadiq olmalarını nümayiş etdirmələri, sona qədər öz mövqelərindən geri çəkilməyəcəklərini nümayiş etdirmələri aranı qatmaq istəyən qüvvələri düşünməyə məcbur etdi. Həm də xaricdəki havadarları tövsiyə etdilər ki, “dayanmağınız lazımdır”. Onlar burada istifadə və idarə etdikləri qüvvələrin tam sıradan çıxmasını istəmirlər. Həm də gördülər ki, alınmır.

– Hakim partiyanın sədri prezidentdir və şübhəsiz ki, YAP Siyasi Şurasının qərarında dövlət başçısının iradəsi həlledici olub.

– Əlbəttə. Bu məsələlər birinci şəxsin iradəsindən kənar baş verə bilməz.

– Prezidentin təkbaşına inqilabi islahatlara start verdiyi, eyni zamanda, faktiki olaraq inqilabı reallaşdırdığı barədə fikirlər kifayət qədərdir. Belə demək olarmı ki, ölkə başçısı çoxları üçün şok effekti yaradan qərarları – konkret halda seçki ilə bağlı mövqeyi daxili və xarici qüvvələrin də planlarını pozmuş oldu?

– Siz sanki bitmiş bir hadisə haqqında danışırsınız. Amma mən düşünmürəm ki, hələ bu proses başa çatıb. Kadr islahatları davam etməlidir. Ona görə ki, hökumətin içərisində çox odioz, istənilən əlverişli məqamda prezidentə və dövlətə xəyanət etməyə hazır olan insanlar var. Bu, mənim qiymətləndirməmdir. Həmin qüvvələrin bir hissəsi mütəşəkkil şəkildə geri çəkiliblər, düşünürdülər ki, islahatlar heç bir uğurlu nəticə verməyəcək və bir ildən sonra onların revanş götürmək imkanları yaranacaq, o zaman daha geniş xalq kütlələri bunlara dəstək verəcək. Mən ona görə hər dəfə vurğulayıram ki, xalq islahatların nəticələrini hiss etməlidir. Xalq artıq hiss etsə ki, yox, artıq heç bir nəticə yoxdur, o zaman çox xoşagəlməz proses baş verə bilər. Mən bunu parlament tiribunasından, hökumət üzvlərinin iştirak etdiyi iclasda səsləndirmişəm, parlament müxbiri olaraq siz də şahidsiniz. Həmin qüvvələr revanş gözləyirlər. Mütəşəkkil şəkildə geri çəkilib, qüvvələri səfərbər edib bir ildən sonraya hazırlaşırlar. Amma hökumətin içində də onlara dəstək verə biləcək və prosesin önündə ola biləcək hələ çox odioz fiqurlar var. Ona görə də prezident işə başlayıbsa, bu məsələləri yekunlaşdırmalıdır. Proses uzandıqca daha üzücü olacaq. Odur ki, proses öz məntiqi sonluğuna çatmalıdır. Bəlkə də parlament seçkilərindən sonra müəyyən addımlar olacaq. O zaman da demişdim, islahatları həyata keçirmək risklidir, çətindir, bu, kənardan bəzilərinə asan görünə bilər. Çünki həmin adamların əllərində çox böyük pullar var, cəmiyyətdə müəyyən dayaq əldə ediblər, xarici dövlətlərlə işbirliyinə giriblər, dəstək alırlar. Amma bu, nə qədər riskli olsa da, islahatlardan imtina daha risklidir və daha ağır nəticələr doğura bilər. “Əksinqilabçı”larla vuruşmaq sözsüz ki, risklidir. Hakimiyyətin içində öz mövqelərini qoruyub-saxlamaq istəyən adamlarla üz-üzə gəlmək asan məsələ deyil. Lakin orda iqtidarın qələbə şansı daha çoxdur. Uğur qazanıb həm özlərini, həm ölkəni qorumaq şansı daha böyükdür, nəinki həmin qüvvələrdən çəkinib, oturub sadəcə, gözləmə mövqeyi tutmaq ki, görək axırı necə olur. Amma dolayı təxribatlar həmişə olacaq, necə ki, bu günə qədər olub. Baş verən bir çox hadisələr heç də təsadüfi deyildi və bunun davamı da ola bilər. Ancaq ən önəmli olan odur ki, Azərbaycan siyasi sistemində gücündən, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, siyasi qüvvələrin böyük əksəriyyəti iqtidarın islahatlar siyasətini dəstəkləyir və xalqın da böyük hissəsi buna dəstək verir. Bu, islahatların uğurla başa çatdırılması üçün çox böyük avantajdır.

– Növbədənkənar seçkilər nə zaman reallaşa bilər?

– Dəqiq deyə bilmərəm. Bəziləri fevral, ya mart deyir. Bu, heç nəyi dəyişmir. Amma iqtidar partiyası da hesab edir ki, xalqın islahatlara münasibəti necədir. İqtidar islahatlara dəstək adı altında seçkiyə gedir və xalqdan ciddi dəstək alacaq. O baxımdan açığı, iqtidar ideoloqları, prezident özü əhalinin əhval-ruhiyyəsini zərgər dəqiqliyi ilə hesablayıb. Amma seçki 1 ildən sonra olsa və həmin müddətdə islahatlar nəticə verməsəydi, iqtidar dəstəyin bir hissəsini itirə bilərdi. Amma uğurlu zaman seçilib. Dediyim kimi, bu, iqtidar partiyası üçün avantajdır. Hakim partiyası bundan həm sağlam parlamentin formalaşdırılması üçün istifadə etməlidir, çox acgözlük etməməlidir. Lap 125 yer seçə bilsə belə, 125-nə də namizəd verməməlidir. Nəzərə almalıdır ki, parlamentin normal fəaliyyəti üçün fraksiyalar, partiyalar olmalıdır. Müxalifətsiz cəmiyyət irəli gedə bilməyəcək. Hökumətin üzərində rəqib siyasi partiyanın nəzarəti olmasa, çətin olacaq. Mən demirəm, biz bu gün Qərbi Avropa səviyyəsində parlament formalaşdıra bilərik. Heç olmasa Rusiya səviyyəsində, normal fraksiyaların olduğu, çoxpartiyalı sistem əsasında fəaliyyət göstərən parlament olmalıdır. Bizdə nəinki müxalifət partiyasının, hətta iqtidarı dəstəkləyən partiyanın üzvünü belə komitə sədrinin müavini vəzifəsinə təyin etmirlər. Dünyagörüş, təfəkkür dəyişməlidir. Xalqımız çox siyasiləşməyib, siyasi proseslərdə əsasən, seyrçi mövqeyi tutur. Ona görə də iqtidarın resursları həddindən artıq böyükdür. İqtidar istəsə, 125 yerin 125-ni də götürə bilər. Ona görə də iqtidardan, onun məsələlərə yanaşmasından çox şey asılıdır.

– İndiki tərkibin neçə faizi qalacaq, sizcə?

– Hesab edirəm ki, parlamentin 30 faizi, daha optimist götürsək, 50 faizi dəyişəcək, yəni 125 nəfərdən 65-i. Hadisələr bizim arzuladığımız kimi inkişaf eləsə, hansısa partiyalarla birlikdə parlamentdə fraksiya yarada bilərik. Mən çox ümidliyəm ki, bu, belə olacaq. Amma hər şeyi zaman göstərəcək.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət