MÜNƏVVƏR ƏLİYEVA. "ÖZƏL XANIM, ÖZƏL AKTRİSA"

MÜNƏVVƏR ƏLİYEVA. "ÖZƏL XANIM,  ÖZƏL AKTRİSA"
Rəssam əlinə fırça alıb, rənglərin işığına söykənib öz əsərini necə yaradırsa biz yazarlar da söz fırçasıyla aram-aram yaddaşımızda cızdığımız qəhrəmanın portretini yaradırıq...
Kimdi bu gün mənim qəhrəmanım?...
Sifət cizgilərində ilk baxışdan soyuq, etinasız, susqun bir ifadə var... Sanki bu həyatın çox şeyinə bələddi... Ağrısına, acısına, işığına, qaranlığına... Amma yaxınlaşdıqca görürsən ki, yox... Bu qəlbdə böyük bir məhəbbət var... Sənətə olan böyük məhəbbət...
Biz onunla oturub, söhbət edə bilərdik... Hər şeyə onun baxış bucağından baxardıq... Bəlkə də başqa vaxt... Amma bu dəfə mən istədim ki, onu səhnədə gördüyüm kimi görüb, düşündüyüm kimi sizə çatdırım... Özəl aktrisa kimi...
Onunla ilk görüşümüz "Qatil" tamaşasında oldu. Böyük söhbətə, səs-küyə səbəb olmuş bu tamaşa, məni çoxdan maraqlandırırdı... Baxdım, və Münəvvər Əliyevanın oyunu məni çox düşündürdü... Aktrisa, qəhrəmanını o qədər içdən, o qədər səmimi oynadı ki, tamaşaçı aktrisanın səhnədə yaratdığı böyük cazibəsinin sehrinə düşməyə bilmədi. Hadisələrin gedişatı ilə onun haldan hala düşməsi, əvvəlcə həyata, sevgiyə yaranan böyük ümidi, sonra haçalanan, suya düşən xəyalları, arzuları birbaşa tamaşaçını da obrazla bərabər sarsıtdı.
Bu tamaşa aktrisa ilə tərəf müqabili olmuş Hikmət Rəhimovu da istedadlı bir aktyor kimi bizə tanıtdı.
Onunla ikinci görüşümüz "Varislər" tamaşasında oldu. Aktyor dostum Abbas Qəhrəmanovun dəvətilə tamaşaya baxdım.
Bu dəfə isə o, ərinə xəyanət edən, var dövlət içində boğulan, yenə də əsl sevgiyə, məhəbbətə susayan bir qadın obrazı ilə çıxdı qarşımıza... Yenə onun cazibə qüvvəsi bizi özünə bağladı... Qadın gözəlliyi, qadın özəlliyi səhnəyə meydan oxudu...
Bu obraz da əslində nə qədər xəyanətkar olsa da onun da öz həqiqəti var... Həyatdan aldığı müxtəlif zərbələr, ümidlərinin puça çıxması və s.
Bir şeyi də qeyd edim ki, aktrisa kübar xanımları o qədər özünəməxsus, səlist cizgilərlə yarada bilir ki, onun istedadına bir daha valeh olursan...
Və nəhayət üçüncü görüşümüz Fuad Poladovun xatirəsinə həsr olunmuş tamaşada baş tutdu. Yenə də tərəf müqabili istedadlı aktyor Hikmət Rəhimovla. Hər iki aktyorun səhnədə dueti baxımlı, yaddaqalandır. Sanki, hər ikisi bir birini tamamlayır. Məncə iki istedad və professionalizm toqquşanda bu labüddür. Münəvvər Əliyevanın bu tamaşada səhnədə görünməsi belə maraqlı, yaddaqalan abu hava yaratdı. Aktrisa "ana" obrazını elə ilk anlardan bizə doğmalaşdırdı... Onu sevdik, alışdıq... Özünəməxsus, ecazkar səsini dinləməkdən zövq aldıq... Münəvvər xanımın bu obrazı da sevilməyi bacardı.. Elə səhnəyə çıxan ilk dəqiqələrdən... Görəsən, həyatda da ana olan bu xanımın analıq hissini şəxsən yaşadığı, öz içindən keçirdiyi üçünmü bu obraz bu qədər doğma gəldi bizə?... Bəlkə də... Bu obraza aktrisanın Fuad Poladava olan sonsuz sevgisini də qatsaq mənzərə aydın olar...
Tamaşanın sonunda zal göz yaşlarına qərq olmuşdu... Mən də... Məncə aktyor uğuruna bundan böyük qiymət olmaz.
Bu göz yaşlarında, bu uğurda onun da zəhməti az deyildi... Fuad Poladov ruhuna bir hörmət bir sevgi tərənnümü idi...
Bilirsiz, tamaşaçı ilə aktyor arasındakı o kiçik məsafə nə vaxt yox olur, birləşir, bütövləşir?... Aktyor öz obrazı ilə səmimi olanda... Onu ürəyindən, qanından, canından keçirəndə... Bax o zaman bütün sərhədlər açılır... Sanki iki qurbun birləşməsi baş verir...
Bu hadisə Oleq Yankovski Sarayda tamaşada oynayarkən baş vermişdi... Onu alqışlaya-alqışlaya ovsununa düşə-düşə, tam səhnənin ortasına qədər gəlmişdim... Bilmədən, qeyri ixtiyarı...
Münəvvər xanım baxımlıdır, maraqlıdır... Bir qadın kimi gözəldir... Fakturası səhnə üçün nə qədər münasibdirsə, oyunundakı o təbiilik, səmimilik, özünəməxsusluq və nəhayət profesionalizm də eyni dərəcədədir. O öz obrazının mahiyyətinə ustalıqla varmağı bacarır, onu səhnədə ən xırda nüanslarına qədər tamaşaçıya çatdırmağı da... Bəlkə də daha bilmədiyimiz nələrsə əlavə edir bir qadın olaraq... Amma bu sirr də ona qalsın.
O bəzi aktyorlar kimi efirdə tez-tez görünmür... Öz çəkisini, sambalını qoruyur...Tamaşaçını bezdirmir... Əksinə onu intizarda saxlamağı bacarır. Onu görmək, onu izləmək üçün teatra getmən yetərlidir... Aktrisa ara-sıra filmlərdə də uğurla çəkilir. Amma teatr sevgisi, teatr məhəbbəti bam-başqadır...
Biz onunla mütləq üz-üzə görüşəcəyik... Söhbət edəcəyik... Daha maraqlı portretlər yaranacaq İnşAllah! Bu sadəcə mənim müşahidələrimin başlanğıcı idi özəl xanım özəl aktrisa haqqında...

Təranə Feyzullayeva.
MÜNƏVVƏR ƏLİYEVA. "ÖZƏL XANIM,  ÖZƏL AKTRİSA"
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət