Vətənpərvər ziyalı

Vətənpərvər ziyalı
Ömrünün 20 ilini Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına və sevgisinə həsr etmiş, qardaş Türkiyənin Batman bölgəsində doğulmuş, Heydər Əliyev Düşüncə Mərkəzinin təsisçisi və rəhbəri, istedadlı şair, həm türk dilində, həm də latın qrafikasında yazıb-yaradan istedadlı şair, vətənpərvər ziyalımızdan söhbət açmaq istəyirəm.
Hər zaman dövlət tədbirlərinə, sərgilərlə, əsgərlərlə görüşə dəvət alan Fəsih Alıoğlu etdiyi vətənpərvər çıxışları ilə alqışlar qazanır. Gah müxtəlif saytlarda, qəzet və jurnallarda şeirləri, gah da müsahibələri dərc olunur. Şairin şeirlərində anaya məhəbbət, Tanrı ucalığı, əlçatmazlığı, torpaq təəssübkeşliyi, dostlara sədaqəti, vətənə məhəbbəti daha qabarıq hiss olunur. Azərbaycanın gözəlliyini xüsusi həvəslə vəsf edən şairin çıxışları da diplomat səviyyəsindədir.
Müasir Müstəqil Azərbaycan Dövlətinin ümummilli lideri Heydər Əliyevin fəaliyyətindən saatlarla danışsa da yorulmur, əksinə, dahi şəxsiyyətin təcrübəsindən, titanik fəaliyyətindən ilhamla danışır, şeirlərində Azərbaycan-Türk dostluğundan, şəhidlərimizin cəsurluğundan həvəslə yazır.
Fəsih Alıoğlunun 2015-ci ildə Azərbaycanda çap olunmuş şeirlər kitabı onu daha da mərşurlaşdırmışdır. Ayrı-ayrı ictimai birliklərin bir çox qəzet və jurnalların fəxri heyətinin üzvü, əməkdaşı olan Fəsih Alıoğlu ilə bir çox dövlət tədbirlərində, sərhəd bölgələrində, düşmənlə üz-üzə dayanmış əsgər və zabitlərimizlə görüşlərdə iştirak etmişik. FHN-nin Səngəçaldakı N saylı hərbi hissəsində ulu öndər Heydər Əliyevin anım günündə, 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlərdə Fəsih Alıoğlunun alovlu, vətənpərvər çıxışı əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratmışdır.
Şairin 20 Yanvar, Xocalı faciəsinə həsr etdiyi şeirləri qəlbləri göynədir, onlarda döyüş əzmini daha da gücləndirir.
Yaxşı yadımdadır, şəhidlərimizə həsr etdiyim "Laçınsız Bayram, Bayramsız Laçın” kitabını hazırlayarkən Fəsih Alıoğludan xahiş etdim ki, bir şeir yazsın. Fəsihi şəhid Bayramın atası, usta Məhəmməd Mürsəloğlu ilə tanış etmişdim. Sağ olsun, gecə vatsapla mənə 4-5 bənd şeir göndərdi və xahiş etdi ki, tez-tələsik yazmışam, yaxşı olar siz də oxuyub redaktə edin. Cüzi redaktə etdikdən sonra bu şeiri də kitaba daxil etdim.
Şəhid Bayram Məmmədovun adını daşıyan Laçın rayonunun Minkənd kənd orta məktəbində kitab təqdimatı oldu. 50-dən çox kitab müəllim və şagirdlərə hədiyyə edildi.
Növbəti görüşlərdə məktəbin şagirdləri həm Fəsih Alıoğlunun, həm də bu sətirlərin müəllifinin şeirlərini əzbər söyləyərkən qələm dostumun həqiqətən göz yaşları ilə birlikdə sevincinin həddi-hüdudu yox idi. Dostluğa sədaqətli olan Fəsih Alıoğlu dürüst, dəqiq insandır. Dilinə yalan gəlməz. Valideyn tərbiyəsi, abır-həyalı bu insanda daha çox hiss olunur.
Fəsih Alıoğlunun növbəti kitabı da tezliklə işıq üzü görəcəkdir. Vətənimizi, dövlətimizi tərənnüm edən şair bir çox diplomlarla, Fəxri mükafat və fərmanlara layiq görülmüşdür.
Ən böyük arzusu 20 ildən çoxdur ki, yaşadığı Azərbaycanın fəxri vətəndaşı olmaq və doğma Qarabağımızın yağı düşmənlərdən azad olmasıdır. Sizə yeni-yeni yaradıcılıq uğurları, cansağlığı və ailə səadəti arzulayırıq. Qarabağ günlərimizə qovuşmaq həsrəti ilə. /Dunyavebiz.az/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət