İQBAL NƏHMƏT POEZİYASININ İNCİLƏRİ

İQBAL NƏHMƏT POEZİYASININ İNCİLƏRİ

Ustadımız Məhəmmədhüseyin Şəhriyarın ,,Heydər babaya salam'' poemasına nəzirə

Heydər baba, dil damağa dirəndi,
Yaxşılarım yoxa çıxdı ələndi,
İki qardaş bir həsrətə bələndi,
Aramıza məftilləri düzdülər,
Canımızı canımızdan üzdülər.

Heydər baba, uzaq durma tən yeri,
İnnən belə qoşalaşaq şən yeri,
Dönər olsam sal boynuma kəndiri,
Kəhər atın quyruğunu hörüklə,
Bu vətəndən o vətənə sürüklə.

Heydər baba, Savalana deginən,
Küləklərə qoşulginən əsginən,
Xain dostdan ümidləri kəsginən,
Gün oleydi xoş günüvə gəleydim,
Düşmənüvi ayağuva səreydim.

Heydər baba, kəpənəyin xallısı,
Nə gözəldi bizim elin yallısı,
Nə cür oley dodağların ballısı?
Bu dodaqdan o dadağa
göndərim,
Güllərimi yollarına əndərim.

Heydər baba, Qarabağın xəbəri
Yandırdılar payaları, çəpəri,
Görən indi hara axır Həkəri,
Namərd gəlsə yerimizi düz demə,
Daha bir də bu ağrıya döz demə.

Heydər baba, Xocalıda soyuqdu
Düşmənimiz hiyləgərdi, ayıqdı,
Neçə vaxdı dinəmmirəm ayıbdı,
Yağı çökdü torpağıma qurd kimi
Yurd qalmadı yurd yerində yurd kimi.

Heydər baba, təndirimiz yanardi,
Göyərçinlər damımıza qonardi,
Sularımız axıb-axıb donardi,
Sallanardı evimizin buzdarı,
Ağ geyərdi gəlin köçən qızdarı.

Heydər baba, bir üzüyük qaşı yox,
Yurdumuzun yazılmayan daşı yox,
Qoy bilsinlər tariximin yaşı yox,
Şah ismayıl şahlığına qayıtsın,
Təbrizimi, Zəncanımı ayıltsın.

Heydər baba, Yardımlıdan o yana,
Ərdəbilin qayaları dayana,
Bəs nə deyim bu nisgilə doyana,
Ayrılığın dərdə saldı İqbalı,
Zirvəsindən uzaq saldı qartalı.


UNUDARAM SƏNİ

Sənə qədər yol uzaqsa,
Azıb unudaram səni.
Unutmaq şeir yazmaqsa,
Yazıb unudaram səni.

Kamanlı, tarlı deyiləm,
Zirvəsi qarlı deyiləm,
O qədər varlı deyiləm,
Kasıb unudaram səni.

Yıxdın sən adlı qalamı,
Əzdin, qopardın yaramı,
Hərdən verdiyin salamı,
Kəsib unudaram səni.

Nə qaldı yazıq ürəyə?
Yarı-yarı böl hərəyə
Bir gün qoşulub küləyə
Əsib unudaram səni.

Yüz il yaşa bir il kimi,
Sual vermə vəkil kimi,
Otağıma şəkil kimi,
Asıb unudaram səni.


Bizim sevgimizə oxşayır yağış...

Bu gün güvəndiyim yerdi göy üzü,
Buludlar içində saxlayım səni.
Axım damcı-damcı göydən yerəcən,
Qoşulub yağışa ağlayım səni.

Hələ də yaramız hesaba gəlmir,
Torpağın çatını hey sayır yağış,
Gah yağır, gah kəsir,dəyişə bilmir,
Bizim sevgimizə oxşayır yağış.

Bu qədər yaxşının, pisin içində,
Göy üzü görəsən qamçılar kimi?
Gəl sənə yağışı anlatım bir az.
Bir az da oynayaq damcılar kimi.


YORGUNAM, ANAM, YORGUNAM!

Xəbər saldım itənimə,
Yad bağında bitənimə,
Bir sənə, bir Vətənımə,
Vurğunam, anam,vurğunam!

Sevilməsi de kim qalıb?
Veriləsi hökm qalıb,
Daşınası yüküm qalıb,
Yorğunam, anam, yorğunam!

Gör harda çəkilir adım,
Doğmadan yaxındı yadım,
Mən ki, belə doğulmadım,
Cılğınam, anam, çılğınam!

Kimdir bu dünyaya uyan,
Qoy mən gedim, sənsə dayan,
Bax özümçün yaşamayan,
Oğlunam, anam, oğlunam!


EHTİYAC

Dovşana döndərdi nər kişiləri
Qaçanın yoldaşı oldu ehtiyac.
Qapıdan çıxartdıq pəncərəmizdən
Axıb evimizə doldu ehtiyac.

Yatdıq darı gördük, dar yuxumuzda,
Xəstəlik tapıldı bir çoxumuzda,
Ölüncə fırlandıq öz oxumuzda
Yorulduq, yerində qaldı ehtiyac.

Qurudu bağımız barlı ölkədə,
Üşüyə bilmədik qarlı ölkədə,
Dilənçi doğulduq varlı ölkədə,
Bizi qapı-qapı saldı ehtiyac.

Oğullar qocaldı qul bazarında,
Rüşvət moda mindi pul bazarında,
Kəbinlər kəsildi dul bazarında,
Çoxunun arvadı oldu ehtiyac.

Söylə, yalanmıdır dediyim sözlər?
Yalan danışmaqdan qızardı üzlər,
Az olduq, daz olduq, qaz olduq bizlər,
Dartıb tükümüzü yoldu ehtiyac.


SÖZ ADAMLARI

Deyəsən gedirəm bir az dərinə,
Götürün siz məni edam yerinə,
Adam olmayanlar adam yerinə,
Haçan qoyacaqlar biz adamları?

Vaxtın dadı qaçıb,zaman daralıb,
Göy üzü bu qədər nədən qaralıb?
Bu gündən sabaha bir addım qalıb,
Haraya aparır iz adamları.

Ağlama, aldadıb ovudacaqlar,
Açan güllərini qurudacaqlar,
Adamlar saymağı unudacaqlar,
Barmaqlar sayacaq düz adamları.

Nələr gizlədildi, nələr saxlandı,
Təpələr oxlandı, dağlar dağlandı,
Yenə də bəxtimiz sözə bağlandı,
Yaxşı ki, varsınız söz adamları.


GÖTÜR MƏNİ O YERƏ KI...

Qara külək,götür məni,
Bu dünyanın qutaracaq yeri varsa,
O yerlərdə
həqiqətin danışmağa dili varsa,
Orayacan ötür məni.

İstəmirəm görsün kimsə
yanağımda yuva quran göz yaşımı,
Bir əsrin döngəsində
haçalan,əsir düşən yaddaşımı.
Bu yerlərdə
tumurcuğum çiçəkləməz,
bu yerlərdə
körpə arzum
bələyindən baş qaldırıb
iməkləməz.
Yetişmədim..,
qundağında yetimləşən körpələrin
harayına.
Qara külək götür məni,
İmanını tərəzidən ucuz tutan
baqqallardan uzaq yerə,
Əli əyri, dili əyri, dini əyri
saqqallardan uzaq yerə,
havasından qan qoxuyan
meydanlardan uzaq yerə.,
Amalları neçə yerdə,neçə kərə
parçalanan insanlardan uzaq yerə.

Götür məni,
Geri baxib Vətən deyə ağlayım
mən..!
Neçə itkin düşənimə,
Neçə küskün ölənimə,
hansı tində,hansı gündə ölənimə
Bu gün matəm saxlayım mən,
qara geyib ağlayım mən.
Qara külək, götür məni,
o yerə ki,
Ədalətin dəmir, polad məngənəsi,
yıxsın, boğsun yaltaqlığı.
Silkələsin insanlardan qaçaq
düşmüş insanlığı.

IQBAL NƏHMƏT
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət